“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində veloyürüş keçirildi
Sentyabrın 7-də “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyinin və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin nəzdində Yaşıl Velosipedçilər Klubunun təşkilatçılığı ilə veloyürüş keçirildi.
Ölkəmizdə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradılan və hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təminatçısı olduğu sabitlik və inkişaf müstəqil dövlətimizin beyəlxalq aləmdə müsbət imicinin formalaşmasında həlledici rol oynamışdır. Dünya əhəmiyyətli yarışların, idman oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilməsi də məhz ölkəmizin beynəlxalq aləmdəki müsbət imicindən xəbər verir. Belə mötəbər yarışlardan biri də ilk dəfə doğma Bakımızda keçirilməsi planlaşdırılan “Bakı 2015” I Avropa oyunlarıdır. “Bakı 2015” I Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşqu artmaqdadır. Bu istiqamətdə paytaxtın şimal qapısı Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verildi. Layihə çərçivəsində keçirilən və böyük maraqla qarşılanan tədbirlərdən biri də Binəqədi rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkından Novxanıya doğru keçirilən veloyürüşdür.
Veloyürüşə müxtəlif ölkələrdən olan əcnəbi velosipedçilərlə yanaşı, fərqli yaş qrununa mənsub iştirakçıların qatılması, xüsusilə də məktəbyaşlı yeniyetmələrin iştirakı tədbirə əlavə rəng qatdı. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək tədbir iştirakçılarına yürüşün əhəmiyyətindən danışdı. O vurğuladı ki, ətraf mühiti və ekoloji vəziyyəti qorumaq naminə velosiped həvəskarlarının bu ictimai faydalı işə qoşulması çox müsbət addımdır.
Sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev çıxış edərək belə faydalı tədbirlərin təşkilinə görə təşkilatçılara öz minnətdarlığını bildirdi.
Yaşıl Velosipedçilər klubunun üzvü Elman Əsgərov və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin sədri Elşən Nuriyev də açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar.
Veloyürüşün qızıl qaydaları haqqında iştirakçılara ətraflı məlumat verildikdən sonra ön sırada məktəbyaşlı yeniyetmələrin dayandığı velosipedçilər yürüşə start verdilər. Novxanı ərazisində AF otel qarşısına çatan veloyürüşçülər böyük coşqu ilə qarşılandı və onlar üçün konsert proqramı nümayiş etdirildi.
Tədbir ekolji mühitin qorunması ilə bağlı konfransla davam etdirildi. Konfransda ölkəmizdən olan nümayəndələrlə yanaşı, Türkiyə, Avstriya, Çexiya, Litva, Danimarka və Rusiya təmsilçilərinin çıxışları dinlənildi. Əcnəbi təmsilçilər öz ölkələrindəki ekoloji problemlərdən və bunlarla mübarizə yollarından bəhs etdi, Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində görülən işləri, o cümlədən bu veloyürüşün təşkilini yüksək qiymətləndirdilər.