Binəqədi rayonunda 2 Fevral Gənclər günü münasibətilə “Təmiz Binəqədi” naminə Gənclər Forumu keçirildi
Yanvarın 29-da Binəqədi rayonunda 2 fevral – Gənclər günü münasibətilə “Təmiz Binəqədi” naminə Gənclər Forumu keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşən forumda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir-müavini Cahangir Hacıyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, eləcə də bir sıra müvafiq ictimai qurumların nümayəndələri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
Tədbirdən öncə qonaqlar və forum iştirakçıları Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri düzdülər və dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Forum öz işinə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Binəqədi rayonunda gənclərlə iş sahəsindən bəhs edən hesabat videoçarxının nümayişinin ardınca çıxışlar başladı. İlk çıxışı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev edərək müstəqil dövlət kimi gənclərlə iş sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışdı.
Forumun işi Millət vəkili Rafael Cəbrayılov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, “ASAN könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, ali məktəblərə qəbul zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış fəal Binəqədi gənci Zəhra Nəbizadənin çıxışları ilə davam etdirildi.
Forum çərçivəsində nəzərdə tutulmuş çıxışlar yekunlaşdıqdan sonra tədbirin gedişində fikirlərini bildirmək üçün müraciət edənlər – Aytac Seyidəliyeva, Rufik İsmayılov və Bahadur Əlizadənin çıxışları da dinlənildi.
Binəqədi gənclərinin ötən il qazandıqları uğurlardan bəhs edən videoçarxın nümayişindən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış etdi. RİH başçısı çıxışında gənclər sahəsindəki səmərəli dövlət siyasəti, əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclərə diqqət və qayğının hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və böyük əzmkarlıqla davam etdirildiyini vurğuladı. X.İsgəndərov Azərbaycan dövlətinin və ölkə rəhbərinin yaratdığı münbit şəraitdən və qayğı mühitinin əhatəsində hər bir Azərbaycan gəncinin dövlət və cəmiyyət olaraq ölkəmizin mənafeləri naminə öz bilik və bacarıqlarını, yaradıcı potensiallarını nümayiş etdirmələrinin vacibliyini qeyd etdi.
Sonra rayonun ictimai-mədəni həyatında aktivliyi ilə seçilən bir qrup gənc Binəqədi Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edildi, ötən ilki ənənənin davamı olaraq xüsusi fəallığı ilə seçilən bir nəfər gəncə isə Böyük Britaniyanın London Meredian Kollecinə iki həftəlik xarici dil kursunda iştirak hüququ hədiyyə olundu.
Forum öz işini “Təmiz Binəqədi” Gənclər Forumunun iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətinin oxunması ilə yekunlaşdırdı.
Sonda forum iştirakçıları tərəfindən “Gənclərin Təmiz Binəqədi” təşəbbüs qrupu yaradıldı.