Binəqədi rayonunda sahibkarlara güzəştli kreditlər verildi
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafında, xüsusilə rəqabətli bazar münasibətləri şəraitində respublikanın regionlarında, eləcə də Bakı şəhəri və onun qəsəbələrində iqtisadiyyatın prioritet sahələrinin mütərəqqi texnologiyalar əsasında modernləşdirilməsi, yeni sənaye sahələrinin yaradılması və beynəlxalq standartlara uyğun yüksək rəqabətqabiliyyətli məhsul istehsalının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair növbəti işgüzar forumu iyulun 15-də Binəqədi rayonunda keçirdi. Tədbirdə 80-dək sahibkar iştirak etdi.
Forum çərçivəsində sahibkarlara güzəştli kreditlər verildi və Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, ət kəsimi müəssisəsinin və kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarlara həmin nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olundu.
Forumu giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov sahibkarlara göstərilən dövlət qayğısından danışaraq sahibkarlığın inkişafına dövlət dəstəyi siyasətini ölkənin iqtisadi yüksəlişinin mühüm istiqaməti kimi səciyyələndirdi.
Daha sonra çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı.
İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun koordinatorluğu ilə sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri arasında qarşılıqlı dialoq əsasında kreditin alınması ilə bağlı məsələlər müzakirə edildi və tərəflər arasında işgüzar münasibətlər yaradıldı.
“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumlar gələcəkdə də davam etdiriləcəkdir.