Binəqədidə rayon sahibkarları ilə görüş keçirildi
Oktyabrın 28-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Binəqədi rayonunda fəaliyyat göstərən sahibkarlarla görüş keçirdi.
Görüşdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkədə və rayonda sosial-iqtisadi vəziyyətdən danışaraq, iqtisadiyyatın bütün sferalarında sahibkarlığın inkişafının xüsusi önəmə malik olduğunu bildirdi, özəl sektorun dəstəklənməsinin və məşğulluğun artırılmasının əhalinin rifahının təmin edilməsində başlıca amil adlandırdı.
Natiq görüşdə iştirak edən sahibkarlara rayon iqtisadiyyatının inkişafını şərtləndirən mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması istiqamətində mühüm işlər görüldüyü haqqında məlumat verdi.
Görüş çərçivəsində sahibkarlar, Prezident İlham Əliyevin sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların verilməsi proseslərində dəyişikliklərin edilməsi, gömrük sahəsində yeni islahatların aparılması ilə əlaqədar qəbul etdiyi fərmanların gələcəkdə onların fəaliyyətinin səmərəliliyinin artırılmasında əsas rol oynayacağını qeyd etdilər.
Eyni zamanda Binəqədi Sahibkarlar İctimai Birliyinin sədri Yusif Ağayev sahibkarlıq fəaliyyətinə dövlət dəstəyinin göstərilməsinə görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi.
Dəyirmi masa ətrafında 20-dən çox müxtəlif təyinatlı sahibkarlıq subyektləri cıxış edərək təsərrüfatlarının genişləndirilməsi istiqamətində bir sıra təklifləri müzakirə etdilər.
Yekunda Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son vaxtlar ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafı istiqamətində aparılan rasional islahatların, qəbul edilmiş qərar və qanunların özəl sektorun tərəqqisi üçün yeni mərhələnin başlanılmasına və bu sahədə bütün açıq məsələlərin həllinə təkan verəcəyini bildirdi.