BİNƏQƏDİ QƏSƏBƏSİ
Binəqədi qəsəbəsi qədim yaşayış məntəqəsi olmaqla rayonun mərkəzindən 4,2 km aralıda (Biləcəri Dəmiryol stansiyasından 7 km aralı) Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adları "Bineyi-Qazi", sonradan "Bineyi-Qədim" olmuş, 1970-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə qəsəbə statusu verilmişdir. Qəsəbə V-VI əsrlərdə hazırda yerləşdiyi ərazidən şərqdə, çökək ərazidə mövcud olmuşdur. Qəsəbə ərazisində yaşayan əhalinin hazırki sayı (qeydiyyatda olan) 38600, qeyri rəsmi sayı isə (qeydiyyatsız yaşayanlarla birlikdə) 50000-ə yaxın nəfər təşkil edir. Milli tərkib üzrə əhalinin 99 %-ni azərbaycanlılar, az sayda isə rus və tatar millətinin nümayəndələri təşkil edir.
Qəsəbə ərazisində ümumilikdə 19 sənaye müəssisəsi, o cümlədən, müxtəlif metal məmulatlarının istehsalı üzrə "Bakı Poladtökmə" ATSC, neft sənayesi avadanlıqları istehsalı üzrə "B.Sərdarov adına Maşınqayırma zavodu" ASC, mədən sənayesi üzrə "Binəqədi Oil Company" Neft Şirkəti, plastik qapı və pəncərə məmulatlarının istehsalı üzrə "Azərpen" MMC, un məmulatlarının istehsalı üzrə "Zəngəzur" LTD şirkəti fəaliyyət göstərir.
Qəsəbə ərazisində 3 ümumtəhsil məktəbi (179, 182 və 205 saylı orta məktəb), 1 məktəbəqədər müəssisə (86 saylı uşaq bağçası), 1 poliklinika (35 saylı), 1 təcili tibbi yardım stansiyası (16 saylı), 1 tibbi sanitar hissə (6 saylı), 2 mədəniyyət evi (mərkəzi mədəniyyət evi və qəsəbə mədəniyyət evi), 2 kitabxana (Ş.Orduxanov adına kütləvi kitabxana və qəsəbə uşaq kitabxanası) mövcuddur.
Həmçinin qəsəbə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan, 1915-ci ildə inşa edilmiş "Hamam", 1908-ci ildə inşa edilmiş "Məscid və minarə", arxeoloji abidələr sırasına daxil edilmiş neft mədənləri ərazisində tunc dövrü nekropolu, neft mədənləri ərazisində XI-XVIII əsr yaşayış yeri Dövlət Qoruğu elan edilmiş, "Binəqədi IV dövr fauna və flora qəbirstanlığı", "Keyrəki" vulkan dağı mövcuddur. Eyni zamanda, "Abix", "Ziyilpri", "Keçəldağ", "Kiçikdağ" palçıq vulkan dağları, "Masazır", "Bostanşor", "Binəqədişor" və s. şor gölləri, ilk neft quyusu, "Binəqədi qır gölü" adı ilə məşhur olan (IV dövrə məxsus) uçan kələzlərin yaşadıqları dövrə təsadüf edən qədim neft gölü və "1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə" salınmış abidə kompleksi, Elektrik muzeyi mövcuddur. 1940-cı ildə Binəqədi yaxınlığında qədim kərgədanın elmə məlum olmayan növünün skeleti, həmçinin çoxlu quş və heyvan sümüyü tapılmışdır. 1963-cü ildə "Tunc dövrü"nün sonlarına aid qəbirdən qadın skeleti, tunc üzük, sancaq, qolbaq, 200 ədəd muncuq, qara boyalı gil qab parçaları, gil piyalə və s. aşkar edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1970-ci ildə yaradılmış, işçilərin sayı 7 nəfərdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədov Qadir Gülmurad oğludur.
Ünvan: Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi 36
Telefon: (012) 411-38-02
Ünvan: Binəqədi rayonu Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi 36
Telefon: (012) 411-38-02