№ 489 – Binəqədi qəsəbəsində neft mədənləri ərazisində tunc dövrü nekropolu (Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi)
Binəqədi faunası – Abşeron yarımadasının mərkəzində, Binəqədi kəndindən 1 km cənub-şərqdə bitum yataqlarında 1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Mustafazadə tərəfindən qazıntılar zamanı aşkar edilmişdir. Binəqədi tapıntıları Abşeron yarımadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların suvatı olmuşdur. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxmış və şirin su gölünə də axmışdır. Yüngül fraksiyalar buxarlandıqdan sonra gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi tələyə çevrilmiş və buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar belə batıb qalmışlar. Binəqədi faunası heyvan qalıqlarının çoxluğuna və növlərinin müxtəlifliyinə görə Kaliforniyadakı Ranco-Lya-Brea asfaltlarında aşkar edilmiş Dördüncü dövr faunasından zəngindir. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqazın, Ön Asiyanın və MDB-nin Avropa hissəsinin paleofaunasına aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir. Yazıçı V.V.Boqoveçin müəllifi olduğu “Карищина первобытной природы Абщерона” adlı kitabda rayona dair məlumatlar öz əksini tapmışdır.