Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları

BAKI 2017 IV İSLAM HƏMRƏYLİYİ OYUNLARI

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli və çoxidmanlı tədbirdir. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Sayca İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel ayına təxirə salındı və sonradan ləğv olundu. Növbəti Oyunlar 2013-cü ildə İndoneziyada baş tutdu.
İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda keçirilməsinə qərar vermişdir.
Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində keçirildi. İdman oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısı mübarizə apardı.
Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəldi. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 269 dəst medal uğrunda mübarizə apardılar.
“Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (cəmi 162 medal) birinci oldular. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.
Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar.
Bakı 2017 IV İslam Oyunları 4 əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirildi. Rəsmi talismanlar - “İncə” və “Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.
IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan su səyahəti Azərbaycanın 15 regionunu əhatə etdi.
Oyunların su səyahətinin, təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisi, texniki heyət və aktyorlar qrupu cəlb olunub. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə edildi. Mərasimlərin direktoru və icraçı prodüseri Katrin Uqvu, bədii rəhbər Neytan M.Rayt idi.
Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser və digər rəsmi şəxslər iştirak etdilər.
Prezident İlham Əliyev İƏT-in rəsmi mətbu orqanı olan “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində Oyunların əhəmiyyətini belə xarakterizə edib: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.
“Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib, yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırıb. www.baku2017.com

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Story of the Games - Baku 2017

Keçidlər