Böyük Qayıdış

Əlaqələndirmə Qərargahı
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı Azərbaycan Respublikasının Prezidentinin 24 noyabr 2020-ci il tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmışdır. Əlaqələndirmə Qərargahının rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevdir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının tərkibində 03 mart 2022-ci il və 16 dekabr 2024-cü il tarixli Sərəncamlarla dəyişiklik edilmişdir.
Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılmışdır.
İdarələrarası Mərkəz çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məsələləri, Şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi məsələləri, Elm, təhsil və mədəniyyət məsələləri, Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri, Hərbi-mülki əlaqələndirmə məsələləri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar məsələləri, Şəhərsalma məsələləri, Ekoloji məsələlər, İqtisadi məsələlər, Enerji təminatı məsələləri, Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin və rəqabətqabiliyyətli aqrar istehsalın təşkili imkanlarının araşdırılması məsələləri və Kommunikasiya məsələləri üzrə ümumilikdə 12 işçi qrupu fəaliyyət göstərir.

Böyük Qayıdışa dair I Dövlət Proqramı
Bərpa və yenidənqurma işləri
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilər hazırda böyük quruculuq və bərpa dövrünü yaşayır. Qarabağ və Şərqi Zəngəzur dirçəldilir. Minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdır, burada həyat canlanır.
İşğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində görülən işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, həmçinin xidmət, ticarət, tikinti, nəqliyyat və digər sektorların yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, doğma torpaqlarına qayıdan əhalinin məşğulluq imkanlarının artırılması, onların keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür.
Dövlət başçısı 5 il ərzində işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak etmiş, yüzlərlə müxtəlif təyinatlı layihənin təməlini qoymuşdur. Prezident İlham Əliyev mühüm strateji əhəmiyyət kəsb edən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu və sosial təyinatlı layihələr daxil olmaqla, çoxsaylı obyektlərin açılışını etmişdir.
İşğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafını sürətləndirmək, bu bölgələri yenidən iqtisadi dövriyyəyə cəlb etməklə regional inkişafda balansı təmin etmək və əhalinin rifah səviyyəsini yüksəltmək məqsədilə sahibkarlığın stimullaşdırılması, investisiyaların təşviqi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün güzəşt və imtiyazların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərin sürətli bərpası və dayanıqlı inkişafı istiqamətində atılan strateji addımlar sırasında sənaye zonalarının yaradılması da mühüm yer tutur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət dəstəyi ilə yaradılan sənaye və ixtisaslaşmış istehsal zonaları həmin ərazilərdə biznes mühitinin formalaşmasına, sahibkarlığın inkişafına və investisiya cəlbediciliyinin artmasına şərait yaratmaqdadır.
Bunların nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə hazırda 48 000-dən çox insan yaşayır və fəaliyyət göstərir.