RAYON HAQQINDA
Tarixi
Binəqədi rayonu (keçmiş Kirov rayonu) Bakı şəhər inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir. Rayonun bundan əvvəlki adı Kirov rayonu olmuş, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə "Binəqədi rayonu" adlandırılmışdır.
Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Rəsulzadə qəsəbəsi adlandırılmışdır.
Biləcəri qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 4,5 km aralıda, Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir. Qəsəbənin əvvəlki adı "Bəlayi-Cari", sonradan 1936-cı ilədək "Biləcəri kəndi", 1936-cı ildən isə "Biləcəri qəsəbəsi (şəhər tipli qəsəbə)" adlandırılmışdır.
Binəqədi qəsəbəsi qədim yaşayış məntəqəsi olmaqla rayonun mərkəzindən 4,2 km aralıda (Biləcəri Dəmiryol stansiyasından 7 km aralı) Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adları "Bineyi-Qazi", sonradan "Bineyi-Qədim" olmuş 1970-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə qəsəbə statusu verilmişdir. Qəsəbə V-VI əsrlərdə hazırda yerləşdiyi ərazidən şərqdə, çökək ərazidə mövcud olmuşdur.
Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V-VI əsrlərdə çəkilibdir. Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi səsləndirilmişdir. Görkəmli tarixçi Sara Aşurbəyli bu kəndin adını Xocasən kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərmişdir. Belə ki, kəndin karvan yolunun üstündə yerləşdiyinə görə bu ərazi yaxın ətraf məntəqələrin vergi yığımı üçün münasib olmuşdur. Kənddə 3 ovdan olmuşdur. Onlardan biri-Ortalığ adlanan ovdan öz varlığını qoruya bilməsə də digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hal hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb. Müxtəlif vaxtlarda kənd və qəsəbə kimi gah ayrıca inzibati ərazi vahidi, gah da Biləcəri qəsəbə inzibati ərazi dairəsinin tərkibində mövcud olmuş Xocasən qəsəbə inzibati ərazi dairəsi 1999-cu ildə yaradılmışdır. İnzibati ərazi dairəsinə Xocasən və Sulutəpə qəsəbələri daxildir. Qəsəbələr hal-hazırda tam bir-biri ilə birləşmiş və faktiki olaraq bir qəsəbə olmuşdur.
28 May qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 20 km uzaqlıqda və Abşeron yarımadasının qərbində yerləşən yeni yaşayış məntəqəsidir. Belə ki, indiki 28 May qəsəbəsinin bir hissəsi 90-cı illərdə Xocasən qəsəbəsinin inzibatı ərazisinə daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 21.05.2004-cü il tarixli 674-IIQ saylı Qanuna əsasən Bakı şəhəri, Binəqədi rayonunun inzibati ərazisində dəyişiklik edilmiş və 28 May qəsəbəsi Xocasən inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 28 May qəsəbə inzibati vahidi yaradılmışdır.
Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi
Binəqədi faunası – Abşeron yarımadasının mərkəzində, Binəqədi kəndindən 1 km cənub-şərqdə bitum yataqlarında 1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Mustafazadə tərəfindən qazıntılar zamanı aşkar edilmişdir. Binəqədi tapıntıları Abşeron yarımadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların suvatı olmuşdur. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxmış və şirin su gölünə də axmışdır. Yüngül fraksiyalar buxarlandıqdan sonra gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi tələyə çevrilmiş və buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar belə batıb qalmışlar.Binəqədi faunası heyvan qalıqlarının çoxluğuna və növlərinin müxtəlifliyinə görə Kaliforniyadakı Ranco-Lya-Brea asfaltlarında aşkar edilmiş Dördüncü dövr faunasından zəngindir. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqazın, Ön Asiyanın və MDB-nin Avropa hissəsinin paleofaunasına aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir. Yazıçı V.V.Boqoveçin müəllifi olduğu “Карищина первобытной природы Абщерона” adlı kitabda rayona dair məlumatlar öz əksini tapmışdır.
Keyrəki palçıq vulkanı
Keyrəki palçıq vulkanı - Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Vulkanın şimal yamacı dik, cənub yamacı isə az meylli olan kəsik konus şəklindədir. Krater bəndi üzərində hazırda qaz və maye çıxışlar müşahidə edilir. Tektonik cəhətdən vulkan eninə, Binəqədi antiklinalının cənub qanadının tağətrafı hissəsində yerləşmişdir. Sahənin geoloji quruluşunda Oliqosen-Miosen və Pliosen kompleksi çöküntüləri iştirak edirlər.
Sopka brekçiyası tərkibinin öyrənilməsi və onun dillərinin yerləşməsi 1885-1968-ci illərdə baş vermiş son səkkiz püskürmənin sərhədlərini ayırmağa imkan verir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. Morfologiyasına görə kiçik kraterli gümbəzşəkilli olub, mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir. İlk dəfə vulkan 1824-cü ildə püskürmüşdür. Vulkan cəmi 17 dəfə püskürmüşdür ki, onlardan 5-i keçən əsrdə olmuşdur. Bütün püskürmələr yeraltı uğultu, partlayış, 15–40 m-dək qalxan brekçiya tullantıları, 1830-cu il püskürməsi istisna olmaqla, qazların yanmaması və alov sütununun olmaması ilə müşayiət edilmişdir. Daha intensiv püskürmə 1952-ci ildə baş vermiş, bir neçə saat ərzində 30 ha yerin səthi 375 m3 lava ilə örtülmüşdür.
Yeni minilliyin başlanması Keyrəki vulkanının aktivləşməsi ilə yadda qaldı – 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra güclü püskürmə baş verdi. Püskürmə saat 20:42-də başlayaraq müəyyən fasilələrlə 2,5 saat davam etmişdir. Vulkan böyük brekçiya kütləsi (180 min m3) ilə 15 ha sahəni 2 m qalınlıqda palçıq təbəqəsi ilə örtdü. Onun yamaclarında (xüsusilə şərq yamacında) uzunluğu 200–250 m-ə çatan qəribə "dillər" əmələ gəldi. Qərb yamacının ayağındakı çatdan çıxan qaz yarım ildən artıq müddətdə yandı. 2002-ci ilin fevralın 28-də gecə, növbəti nisbətən zəif püskürmə oldu. Vulkan brekçiyasının axını qərb və şərq yamaclarında qeydə alındı. 12 oktyabr 2014-cü il, saat 12:30 radələrində partlayışla müşahidə edilən püskürmə nəticəsində xaric olan vulkan kütlələri 200 metrə qədər uzanıb. 12 iyun 2017-ci il tarixində saat 07:00 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş vermişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə vulkanın püskürməsi ümumilikdə 15 dəqiqəyə yaxın çəkmişdir. Vulkanın püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılmışdır. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil etmişdir.